2025-ci ildə tullantıların hərəkəti haqqında
2025-ci ildə ölkədə 4426,4 min ton və ya əvvəlki illə müqayisədə 1,4 faiz çox tullantı əmələ gəlmiş və onların 73,5 faizini bərk məişət tullantıları, 26,5 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil etmişdir.

Ötən il yaranmış 3251,2 min ton bərk məişət tullantılarının 82,1 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınmış, 17,4 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunmuş, 0,5 faizi ölkə daxilində satılmışdır. Məişət tullantılarının yandırılması nəticəsində 222,1 milyon kVt·st elektrik enerjisi istehsal edilmişdir.
Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 16,8 faizi müəssisələrdə xammal kimi istifadə edilmiş, 23,4 faizi satılmış, 9,9 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınmış, 49,9 faizi isə müəssisələrdə qalmışdır.
Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2025-ci ildə 272,2 min ton təhlükəli tullantı yaranmış və onların payı tullantıların ümumi miqdarında 6,1 faiz təşkil etmişdir. Yaranmış təhlükəli tullantıların 71,9 faizi mədənçıxarma sənayesi, 18,9 faizi emal sənayesi, 9,2 faizi isə digər sahələrin payına düşür.
