Tələbələr turizm sorğularını artıq Bakı Dəmir Yolu Vağzalında da aparırlar
Dövlət Statistika Komitəsi turizmə dair seçmə statistik müşahidələrin əhatə dairəsini genişləndirib.
Müxtəlif ali təhsil müəssisələrinin tələbələri Komitənin mütəxəssisləri ilə birlikdə Heydər Əliyev Beynəlxalq Hava Limanı ilə yanaşı, Bakı Dəmir Yolu Vağzalında da gəlmə və getmə turizmi üzrə sorğular aparırlar.
Vağzalda keçirilən sorğular dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlərin səfərlərinin öyrənilməsinə imkan verir. Respondentlərdən səfərin məqsədi və müddəti, istifadə etdikləri yerləşmə vasitələri, çəkilən xərclər və turizm statistikasının hazırlanması üçün digər zəruri məlumatlar toplanır.
Sorğuların yeni məkanda keçirilməsi müxtəlif nəqliyyat növləri üzrə turizm axınlarının daha dolğun öyrənilməsinə və müvafiq statistik göstəricilərin formalaşdırılmasına xidmət edir.
Tələbələr bu işə cəlb olunmazdan əvvəl müvafiq təlim keçiblər. Müşahidələrdə iştirak onların praktiki təcrübə qazanmalarına, respondentlərlə ünsiyyət bacarıqlarını inkişaf etdirmələrinə və rəsmi statistikanın hazırlanması prosesi ilə yaxından tanış olmalarına imkan yaradır.
Toplanan məlumatlar yalnız statistik məqsədlərlə istifadə olunur, fərdi məlumatların məxfiliyi isə qanunvericiliyin tələblərinə uyğun qorunur.







