Dövlət Statistika Komitəsində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib
Sentyabrın 25-də Dövlət Statistika Komitəsində Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov çıxışında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu, 2023-cü ilin sentyabrında isə dövlət suverenliyinin tam təmin edildiyini bildirib.
Sədr şəhidlərin əziz xatirəsinin daim dərin ehtiramla yad edildiyini, müharibə iştirakçılarının xidmətlərinin yüksək qiymətləndirildiyini qeyd edib. Bildirib ki, Komitənin 25 əməkdaşı Birinci Qarabağ müharibəsinin, 18 əməkdaşı isə 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.
Azər Mursaqulov işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasından danışıb. O, bölgənin sosial-iqtisadi inkişafının rəsmi statistik göstəricilərdə dolğun əks etdirilməsinin Komitənin qarşısında duran mühüm vəzifələrdən olduğunu bildirib.
Tədbirdə Vətən müharibəsi iştirakçısı, Müdafiə Nazirliyinin ehtiyatda olan polkovniki, “Qarabağ” ordenli Rəşad Aslanov çıxış edib. O, xüsusi təyinatlı hərbi hissənin komandiri kimi keçdiyi döyüş yolundan danışıb.
Rəşad Aslanov döyüşlərin ən ağır günlərində xalqın mənəvi dəstəyinin onlara verdiyi gücdən və bu dəstəyin döyüş ruhunun yüksək saxlanılmasındakı rolundan bəhs edib. O, həmçinin döyüş yoldaşlarının fədakarlığını xatırladıb və Vətən müharibəsi həqiqətlərinin gələcək nəsillərə düzgün çatdırılmasının əhəmiyyətini vurğulayıb.
Sonda şəhidlərin əziz xatirəsinə ithaf olunmuş videoçarx nümayiş olunub.


.jpeg)





