Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub
Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının iclası keçirilib.
İclasda Şuranın üzvləri, dövlət qurumlarının, elm və təhsil müəssisələrinin, sahibkar təşkilatlarının, eləcə də media qurumlarının nümayəndələri iştirak ediblər.
Statistika Şurasının sədri, Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov açılış nitqi ilə çıxış edib. O, Milli Statistika Sisteminin inkişafı, statistik məlumatların keyfiyyətinin yüksəldilməsi, rəqəmsal transformasiya və qarşıda duran əsas vəzifələr barədə danışıb. Azər Mursaqulov statistik məlumatların etibarlılığının, tamlığının və operativliyinin artırılmasının prioritetlərdən olduğunu bildirib. O qeyd edib ki, əsas məqsəd daha çox məlumat yaymaq deyil, daha keyfiyyətli statistik məhsul formalaşdırmaqdır.
Sədr statistik istehsal proseslərinin rəqəmsallaşdırılması və məlumatların toplanmasından yayılmasına qədər bütün mərhələləri əhatə edən vahid rəqəmsal ekosistemin yaradılması istiqamətində görülən işlər barədə məlumat verib. O, respondentlərin statistik hesabat yükünün azaldılmasını, inzibati və alternativ məlumat mənbələrindən istifadənin genişləndirilməsini, məlumatların emalı proseslərinin avtomatlaşdırılmasını, eləcə də statistik məhsulların istifadəçi üçün daha əlçatan və anlaşıqlı formada təqdim edilməsini əsas istiqamətlər kimi göstərib. Bildirilib ki, bu tədbirlər statistikanın operativliyinin və əhatəliliyinin artırılmasına, emal proseslərinin səmərəliliyinin yüksəldilməsinə və statistik məhsullardan istifadənin asanlaşdırılmasına xidmət edəcək.
Daha sonra Dövlət Statistika Komitəsinin şöbə müdiri Toğrul Əcəlov 2026–2030-cu illər üçün Dövlət Proqramının icrası və “2027-ci il üçün statistik işlər proqramı”nın layihəsi, sədrin müavini Rauf Səlimov isə 19–23 oktyabr 2026-cı il tarixlərində keçiriləcək Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinə hazırlıq barədə məlumat veriblər.
Sonda gündəliyə daxil edilmiş məsələlər üzrə fikir mübadiləsi aparılıb, rəy və təkliflər səsləndirilib.






