Almaniya Federal Statistika İdarəsi və Bolqarıstan Milli Statistika İnstitutu ilə əməkdaşlıq çərçivəsində keçiriləcək tədbirlər haqqında
23.04.2010
2010-cu il aprel ayının 26-27-də Almaniya Federal Statistika İdarəsinin prezidenti cənab Roderix Egelerin və Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti xanım Mariana Kotzevanın Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə səfərləri gözlənilir. Səfərdə cənab Roderix Egelerin və xanım Mariana Kotzevanın əsas məqsədi Avropa Qonşuluq siyasəti çərçivəsində Tvinninq layihəsi üzrə həyata keçirilən tədbirlərin gedişatı ilə tanış olmaqdan ibarətdir. Tvinninq layihəsi statistika üzrə dörd komponentdən ibarətdir. Bu komponentlər milli hesablar, müşahidə olunmayan iqtisadiyyat, biznes statistikası və istehsalçı qiymət indekslərindən ibarətdir.
Bundan əlavə, səfər zamanı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Almaniya Federativ Respublikasının Federal Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında birgə niyyət Bəyannaməsinin imzalanması da nəzərdə tutulur. Bu Bəyannamənin imzalanması Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Almaniya Federativ Respublikasının Federal Statistika İdarəsi arasında statistika sahəsində informasiya texnologiyalarının tətbiq edilməsi, müasir statistik metod və üsulların tətbiq olunması, hər iki ölkənin sosial iqtisadi inkişafına dair statistik məlumat və nəşrlərin mübadiləsi və bir sıra digər sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsinə geniş imkanlar açacaqdır.
Eyni zamanda 1999-cu ildə imzalanmış "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Bolqarıstan Respublikasının Milli Statistika İnstitutu arasında statistika sahəsində əməkdaşlıq Saziş"inə uyğun olaraq iki ölkənin statistika orqanları arasında 2010-2012-ci illəri əhatə edən dövr üçün tədbirlər planının imzalanması da nəzərdə tutulur. Tədbirlər planına uyğun olaraq iki il ərzində statistik məlumatların yayılması siyasəti və marketinq, ticarət, xidmət və turizm, xarici ticarət, əmək, əhalinin həyat səviyyəsi və ev təsərrüfatları, demoqrafiya və sosial statistika sahələrində əməkdaşlıq nəzərdə tutulur.
Yuxarıda qeyd olunan bu üç tədbirin müvəffəqiyyətlə başa çatdırılması Azərbaycanda rəsmi statistikanın dünya standartlarına uyğun qurulmasına, Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunan statistik məlumatların beynəlxalq müqayisəliliyinin təmin olunmasına geniş imkanlar açacaqdır.