"Avropa Statistikləri Konfransının 58-ci plenar sessiyası"nın yekunları haqqında
21.06.2010
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və BMT-nin Avropa İqtisadi Komissiyasının 8-10 iyun 2010-cu il tarixində Paris şəhərində birgə təşkil etdiyi "Avropa Statistikləri Konfransının 58-ci plenar sessiyası"nda 56 Avropa və digər dünya ölkələrinin milli statistika idarələrinin, eyni zamanda beynəlxalq və hökumətlərarası təşkilatların nümayəndələri iştirak etmişdir.
Plenar sessiyada BMT-nin Statistika Komissiyasının 41-ci sessiyasının nəticələri, rəsmi statistika sisteminə aid mövcud aktual məsələlər, qlobal maliyyə böhranından yaranan yeni problemlər və onun rəsmi statistikanın uzunmüddətli inkişafına təsiri ilə bağlı konfransa məlumat verildi və Milli Hesablar Sistemi-2008 (MHS-2008) yeni nəşri konfrans iştirakçılarına təqdim edildi.
Bununla yanaşı, Avropa Statistikləri Konfransının hesabatları, əsas prinsipləri və təklifləri çərçivəsində gender statistikasına, ailə və ev təsərrüfatlarının yeni formalarının ölçülməsinə və keyfiyyətli məşğulluğun ölçülməsi üçün potensial göstəricilərə dair hesabatlar, statistik məlumatların yayılması, təqdim olunması və nəşr edilməsinə dair statistik biliklərin artırılması ilə bağlı əsas prinsiplərin təkmilləşdirilməsi də daxil edilməklə, son fəaliyyətlər, rəsmi statistikanın təbliği ilə əlaqədar 20 oktyabr 2010-cu il tarixində ilk "Ümumdünya Statistika Günü"nün qeyd olunmasına dair ölkələrin statistika orqanlarının və beynəlxalq təşkilatların təklifləri müzakirə olundu və konfrans tərəfindən bəyənildi.
Aparılan ümumi müzakirələrdən sonra konfrans tərəfindən Avropa Statistikləri Konfransının 2011-ci ildə keçirilməsi nəzərdə tutulan plenar sessiyası üçün statistika sisteminə aid əsas məsələlərə dair mövzular və iştirakçıların irad və təklifləri nəzərə alınmaqla, 58-ci plenar sessiyanın yekunları haqqında hesabat təsdiq olundu.
Plenar sessiyada Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri A.Vəliyev və Komitənin Əmək statistikası şöbəsinin müdir müavini N.Xuduzadə iştirak etmişdir.