Komitə mütəxəssisislərinin Beynəlxalq Elmi Konfransda iştirakı haqqında
Dövlət Statistika Komitəsinin Milli hesablar statistikası şöbəsinin müdiri Nuru Süleymanov və Sənaye, nəqliyyat və rabitə statistikası şöbəsinin müdiri Yusif Yusifov 2011-ci ilin fevral ayında Brüssel şəhərində Avropa İttifaqının Statistika Bürosu tərəfindən təşkil olunmuş "Statistikada yeni texnika və texnologiyalar" mövzusunda beynəlxalq elmi konfransda iştirak etmişlər. Konfransda iqtisadi-siyasi qərarların qəbulu üçün statistikanın əhəmiyyəti, tədqiqat işlərində statistik məlumatlarına olan ehtiyac, statistika sisteminin özündə innovasiyaların tətbiqi, innovativ xidmətlərin göstərilməsi, tədqiqatçıların mikro məlumatlardan istifadə etmə imkanları, ümumi strategiyaların hazırlanması, habelə statistikanın inkişafında istifadəçilərin (xüsusilə elm mütəxəssislərinin) imkanlarından istifadə olunması haqqında məlumatlar verilmişdir. Yeni elmi yanaşmalar və tədqiqatlar, o cümlədən məlumatların daxil edilməsi, impyutasiya, yeni müşahidə növləri, statistik təhlillər, qiymətləndirmə, məlumat mənbələrinin inteqrasiyası, registrlərdən istifadə, seçmə layihələri, seçmə xətalarının hesablanması, seçmənin qiymətləndirilməsi, məlumatların elektron toplanması, veb texnologiyalarından istifadə və s. üzrə təqdimatlar olmuşdur. Tədbirdə Vyana, Çikaqo, Stokholm, Helsinki Universitetlərinin, Elmi-Tədqiqat İnstitutlarının, Norveç, Avstraliya, İtaliya, Hollandiya, Finlandiya statistika ofislərinin müəllim və mütəxəssisləri mühazirə etmişlər.