AZ    EN
logo

Rusiya Federasiyasının Nijni Novqorod şəhərində “Rəsmi Statistikanın Müasirləşdirilməsi” mövzusunda Yüksək səviyyəli seminar təşkil edilmişdir.

24.06.2014

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdiri Q.Əliyev və Statistika işlərinin əlaqələndirilməsi şöbəsinin müdir müavini T.Əcəlov cari ilin 10-12 iyun tarixlərində Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyası (BMT AİK), Avropa Azad Ticarət Assosiasiyası (AATA) və Rusiya Federasiyası Dövlət Statistika Federal Xidmətinin birgə təşkilatçılığı ilə Rusiya Federasiyasının Nijni Novqorod şəhərində “Rəsmi Statistikanın Müasirləşdirilməsi” mövzusunda təşkil edilmiş Yüksək səviyyəli seminarda iştirak etmişlər. Seminar 2012-ci ilin oktyabr ayında Rusiya Federasiyasının Sankt Peterburq şəhərində “Statistik məhsul və xidmətin müasirləşdirilməsi” mövzusunda baş tutmuş seminarın davamı olaraq təşkil edilmişdir.
Seminarın məqsədi Müstəqil Dövlətlər Birliyi (MDB) və Monqolustan milli statistika xidmətlərinin rəhbər vəzifə tutan mütəxəssislərini rəsmi statistikanın müasirləşdirilməsi sahəsində ən son yeni standartlar və təşəbbüslər haqqında məlumatlarla təmin etməkdən ibarət idi.
Yüksək səviyyəli seminarın təşkilində təşkilatçılara texniki dəstək: seminarın təşkili və digər məsələlərlə bağlı təchizat Rusiya Federasiyası Dövlət Statistika Federal Xidmətinin Nijni Novqorod regional bölməsi tərəfindən göstərilmişdir.
Seminarda Azərbaycan da daxil olmaqla Belarus, Ermənistan, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Monqolustan, İtaliya, Niderland, Norveç və Rusiya Federasiyasının Dövlət Statistika Federal Xidmətinin, eləcə də Avropa Azad Ticarət Assosiasiyası, BMT-nin Avropa İqtisadi Komissiyası, Avrasiya İqtisadi Komissiyası, Rusiya Xarici İşlər Nazirliyi və Milli Tədqiqatlar Universitetinin Peşəkar Statistik Təhsil Beynəlxalq İnstitutunun nümayəndələri iştirak etmişdir.
Ümumilikdə 3 gün davam edən seminarın gündəliyinə “Statistik məhsul və xidmətlərin müasirləşdirilməsi üzrə yüksək səviyyəli qrupun işi və GSİM, GSBPM standartları haqqında məlumat”, “CSPA (Ümumi Statistik Məhsul Arxitekturası) yaradılması”, “İştirakçı ölkələrin statistik istehsal standartları sahəsində nəzəri - praktik təcrübələri” və “Məlumatların ötürülmə standartları – SDMX və DDİ”, “SDMX və DDİ standartlarının tətbiqi imkanları” və Milli Statistika Sistemlərinin Qlobal qiymətləndirilməsinin və statistikanın davamlı inkişafı sahəsində milli potensialın möhkəmləndirilməsi üzrə BMT-nin müvafiq layihəsinin nəticələrini necə istifadə etmək olar?” kimi mövzular daxil edilmişdir.
Seminar müddətində beynəlxalq ekspertlər və Rusiya Federasiyasının Dövlət Statistika Federal Xidmətinin əsas təqdimatları olmuşdur.
Dövlətstatkomun nümayəndələri seminarda “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində metaməlumatlar” adlı təqdimatla çıxış etmişlər. Təqdimatda metaməlumatlar anlayışı, SMS-in yaradılması səbəbləri, SMS-in tətbiqi üçün hüquqi əsaslar, təşkilatımızda tətbiq olunan əsas standartlar, Dövlət Statistika Komitəsinin strukturu və GSBPM, Statistik təsnifatlar və SVDR, rəsmi internet səhifəmiz, SMS üzrə görülmüş işlər və gələcək planlar haqqında nümayəndələrimiz tərəfindən geniş məlumat verilmiş və suallar cavablandırmışdır.
Seminar müddətində ən son təqdimat MDB Dövlətlərarası Statistika Komitəsinin sədri cənab Sokolinin “MDB ölkələrinin rəsmi internet səhifələrinin təkmilləşdirilməsi və MDB Dövlətlərarası Statistika Komitəsinin portalının yaradılması” mövzusunda təqdimatı olmuşdur.
Bildirilmişdir ki, bütün üzv ölkələrdə müxtəlif strukturlara malik internet səhifələr və internet səhifələrdə müxtəlif parametrlərə malik statistik göstəricilər bazası fəaliyyət göstərir. Gələcəkdə sorğuları azaltmaq, avtomatlaşdırılmış iş rejiminə keçmək üçün təkmilləşdirilmiş portalın yaradılması tələb olunur. Bu isə əl əməyinin sıfıra endirilməsinə gətirib çıxaracaqdır. MDB Dövlətlərarası Statistika Komitəsinin veb-portalının yaradılması ümumi terminologiyadan və ümumi istəklərdən irəli gələrək yaradılmalıdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim