AZ    EN
logo

01.11.2011

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 2583 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı"na uyğun olaraq, Dövlət Statistika Komitəsi müəssisə və təşkilatların ekoloji xərclərinin öyrənilməsi məqsədilə cari ilin avqust ayında "Ətraf mühitin mühafizəsinə çəkilən xərclər haqqında" rəsmi statistika müşahidəsi aparmışdır.
Ətraf mühitin mühafizəsi xərclərinin öyrənilməsində əsas məqsəd Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan "Ətraf mühitin mühafizəsi üzrə fəaliyyət növləri və çəkilən xərclərin təsnifatı"na uyğun olaraq müəssisə və təşkilatların ekoloji xərcləri barədə informasiya toplamaq, onların imkanlarını müəyyənləşdirmək olmuşdur.
Müşahidənin məlumatlarına əsasən, müayinəyə cəlb olunmuş müəssisə və təşkilatlar tərəfindən ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli istifadə üçün əsas kapitala 32,9 milyon manat investisiya yönəldilib. İnvestisiyanın 18 faizi çirkab suların yığılmasına və təmizlənməsinə, 14 faizi tullantıların idarə edilməsinə, 11 faizi atmosfer havasının mühafizəsi və iqlim dəyişikliklərinin qarşısının alınmasına yönəldilib. Digər tədbirlərə investisiya qoyuluşları nisbətən azdır, belə ki, ümumi investisiyanın 0,5 faizi torpağın, yeraltı və yerüstü suların mühafizəsinə və bərpasına, 0,1 faizi bioloji müxtəlifliyin və ərazilərin mühafizəsinə, 0,5 faizi ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin olunmasına yönəldilib. Ətraf mühitin səs-küydən, vibrasiyadan və digər fiziki təsirlərdən qorunmasına isə sərmayə qoyulmayıb.
Ətraf mühitin mühafizəsi sahəsində əsas kapitala yönəldilmiş sərmayənin böyük hissəsi - 62 faizi müəssisə və təşkilatların öz vəsaitləridir. Sərmayə qoyuluşunun 4 faizi dövlət büdcəsinin, 9 faizi yerli büdcələrin vəsaiti, 25 faizi isə digər maliyyə mənbələri hesabına həyata keçirilib.
Müşahidənin məqsədlərindən biri ətraf mühitin mühafizəsi sahəsində əsas kapitala yönəldilmiş investisiyaların strukturunun öyrənilməsi olub. Bəlli olub ki, müəssisə və təşkilatlar tərəfindən ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli istifadə üçün əsas kapitala yönəldilmiş vəsaitin 31 faizi tikinti-quraşdırma işlərinə sərf olunub. Maşın və avadanlıqların alınması üçün vəsaitin 15 faizindən, sair əsaslı işlər üçün isə 54 faizindən istifadə olunub.
Mühüm məsələlərdən biri də ətraf mühitin mühafizəsinə çəkilən cari xərclərin müəyyənləşdirilməsidir. Sorğu edilən müəssisə və təşkilatların ətraf mühitin mühafizəsinə çəkilən cari xərcləri 45,9 milyon manat olub. Bunun 37 faizi tullantıların idarə edilməsinə, 35 faizi çirkab suların yığılmasına və təmizlənməsinə, 11 faizi torpağın, yeraltı və yerüstü suların mühafizəsinə və bərpasına, 3 faizi bioloji müxtəlifliyin və ərazilərin mühafizəsinə, 2 faizi atmosfer havasının mühafizəsinə və iqlim dəyişikliklərinin qarşısının alınmasına sərf olunub. Elmi-tədqiqat fəaliyyətinə və ətraf mühitə mənfi antropogen təsirlərin azalmasına dair layihələrə və ətraf mühitin səs-küydən, vibrasiyadan və digər fiziki təsirlərdən qorunmasına xərclənən vəsait isə olduqca azdır və müvafiq olaraq 0,2 faiz və 0,02 faiz təşkil etmişdir. Müəssisə və təşkilatlar ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin olunmasına pul xərcləməsələr də, digər fəaliyyətlərlə əlaqədar xərcləri 11 faiz təşkil edib. Ətraf mühitin mühafizəsinə çəkilən cari xərclərin 81 faizi müəssisə və təşkilatların öz vəsaitləri hesabına, 10 faizi yerli büdcələrdən, 8 faizi dövlət büdcəsindən, 1 faizi digər maliyyə mənbələrindən ödənilib.
Müşahidə məlumatları göstərir ki, müəssisə və təşkilatların ətraf mühitin mühafizəsinə çəkilən cari xərclərinin strukturunda maddi xərclər 52 faiz təşkil edir. Bu strukturda əmək haqqı xərcləri və sosial sığorta ayırmaları 17 faiz, digər xərclər isə 31 faiz olub.
Hesabat ilində ətraf mühitin mühafizəsi üzrə əsas fondların amortizasiya ayırmaları 6,9 milyon manat təşkil etmişdir ki, bunun 65 faizi tullantıların idarə edilməsi, 17 faizi çirkab suların yığılması və təmizlənməsi, 9 faizi atmosfer havasının mühafizəsi və iqlim dəyişikyin qarşısının alınması, 8 faizi bioloji müxtəlifliyin və təbiət ərazilərinin mühafizəsi, 1 faizi torpağın, yeraltı və yerüstü suların mühafizəsi və bərpası üzrə olmuşdur. Əsas fondların əsaslı təmirinə çəkilən xərclər 4,8 milyon manat olduğu halda, onun 62 faizi atmosfer havasının mühafizəsi və iqlim dəyişikliyinin qarşısının alınmasına xərclənmişdir.
Müşahidə formasına daxil edilmiş suallardan biri də ətraf mühitin mühafizəsi ilə əlaqədar əlavə xərclər və gəlirlərlə əlaqədardır. Sorğuda iştirak edən müəssisə və təşkilatlar tərəfindən ətraf mühitin mühafizəsi xidmətlərinə görə 613 min manat ödənilmişdir. Ən çöx ödəniş çirkab suların yığılması və təmizlənməsi (54 faiz) və tullantıların idarə edilməsi (26 faiz) üzrə aparılıb. Müəssisə və təşkilatların ətraf mühitin mühafizəsi xidmətlərindən gəlirləri 168 min manat olmuşdur. Müşahidə nəticəsində ətraf mühitə mənfi təsirə və vurulan ziyana görə ödənişlərə dair məlumatlar da əldə edilib. Bəlli olub ki, müəssisə və təşkilatlar tərəfindən ətraf mühitə mənfi təsirə görə 13 min manat, ətraf mühitə vurulan ziyana görə isə 5 min manat cərimə ödənilib. Ətraf mühitə mənfi təsirə görə ödənişlərin 73 faizi atmosfer havasına çirkləndirici maddələrin atılması, 19 faizi istehsal və istehlak tullantılarının yerləşdirilməsi, 8 faizi çirkləndirici maddələrin səthi sututarlara atılması səbəbindəndir. Ətraf mühitə vurulan ziyana görə cərimə və ödənişlərin 35 faizi atmosfer havasına çirkləndirici maddələrin atılmasına, 21 faizi istehsal və istehlak tullantılarının yerləşdirilməsinə, 2 faizi çirkləndirici maddələrin səthi sututarlara atılmasına, 42 faizi isə norma və qaydalara zidd olan digər pozuntulara görədir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim