AZ    EN
logo

Tailandın Banqkok şəhərində Əhali və sosial statistika üzrə Texniki Məsləhətçi Qrupun 5-ci görüşü keçirilmişdir.

02.04.2015

Əhali və sosial statistika üzrə mütəxəssislərdən ibarət yaradılmış Texniki Məsləhətçi Qrupun (TMQ) üzvü Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsi müdirinin müavini Nemət Xuduzadə 2015-ci il mart ayının 23-24-də Tailandın Banqkok şəhərində keçirilən TMQ-nin 5-ci iclasında iştirak etmişdir.
Görüşün əsas məqsədi TMQ tərəfindən hazırlanmış “Asiya və Sakit Okean hövzəsi ölkələrində əhali və sosial statistikanın təkmilləşdirilməsinə dair regional strategiya”nın, Əhali və sosial statistikaya dair göstəricilər sisteminə aid olan göstəricilərin region dövlətləri tərəfindən milli səviyyədə əldə edilməsi və yayılması zamanı mövcud problemlər, bu istiqamətdə milli potensialın gücləndirilməsini əks etdirən TMQ-ın yekun hesabatının müzakirə edilməsi və təsdiq üçün Statistika Komitəsinin 4-cü sessiyasına təqdim edilməsi olmuşdur.
Görüşdə TAG-a üzv olan ölkələrin - Avstraliya, Azərbaycan, Banqladeş, Butan, Çin, Hindistan, İndoneziya, Monqolustan, Filippin, Sinqapur - milli statistika orqanlarının və beynəlxalq təşkilatların (Beynəlxalq Əmək Təşkilatı, BMT-nin İnkişaf Proqramı, eyni zamanda, Sakit Okean Ölkələri Birliyinin Katibliyi və BMT-nin Asiya və Sakit Okean hövzəsi ölkələrinin İqtisadi və Sosial Komissiyası (UNESCAP)) mütəxəssisləri iştirak etmişlər.
Müzakirələr zamanı qeyd edilmişdir ki, TMQ tərəfindən hazırlanmış milli statistika sisteminin 6 fundamental elementini müəyyənləşdirən əhali və sosial statistikaya dair potensial çərçivə regional strategiyanın prioritetlərini təşkil edir.
Görüş zamanı TMQ tərəfindən hazırlanmış “Asiya və Sakit okean hövzəsi ölkələrində əhali və sosial statistikanın təkmilləşdirilməsinə dair regional strategiya” və milli potensialın gücləndirilməsini əks etdirən TMQ-nin yekun hesabatı müzakirə edilmiş, irad və təkliflər nəzərə alınmaqla təsdiq üçün yekun sənədlərin Statistika Komitəsinin 4-cü sessiyasına təqdim edilməsi razılaşdırılmışdır.
Eyni zamanda, N.Xuduzadə mart ayının 24-də İqtisadi statistikanın regional proqramına dair idarəetmə qrupunun iclasında və milli hesablar sistemi (MHS-2008) daxil olmaqla iqtisadi statistik məlumatların istehsalı və yayılması sahəsində region ölkələrinin milli statistika sisteminin potensialının gücləndirilməsinin II mərhələsi çərçivəsində keçirilmiş məsləhətləşmə görüşündə iştirak etmişdir. Görüşdə Azərbaycan, Rusiya, Qırğızıstan, Monqolustan, Əfqanıstan, Vyetnam milli statistika orqanlarının nümayəndələri və UN ESCAP katibliyinin mütəxəssisləri iştirak etmişlər. Görüşün əsas məqsədi region ölkələrinin milli statistika sisteminin potensialının gücləndirilməsinin I mərhələsi çərçivəsində həyata keçirilmiş tədbirlər və gələcəkdə nəzərdə tutulmuş fəaliyyətlər haqqında məlumat vermək olmuşdur.
Bununla yanaşı, TMQ-nin üzvü olaraq nümayəndəmiz N.Xuduzadə müşahidəçi kimi 25-26 mart 2015-ci il tarixində UN ESCAP-ın Statistika üzrə Komitəsinin 4-cü sessiyasında iştirak etmişdir. Sessiyada bir çox regional səviyyədə vacib əhəmiyyətə malik olan məsələlər, o cümlədən TMQ-ın yekun hesabatı daxil olmaqla “Asiya və Sakit okean hövzəsi ölkələrində əhali və sosial statistikanın təkmilləşdirilməsinə dair regional strategiya” müzakirə olunmuş və təkliflər nəzərə alınmaqla təsdiq olunmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim