AZ    EN
logo
image

Dövlət Statistika Komitəsində Türkmənistan Parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib

03.11.2016

Noyabrın 3-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ölkəmizdə səfərdə olan Türkmənistan Məclisi sədrinin müavini Qurbangül Bayramovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

            Nümayəndə heyətini salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Azərbaycan və Türkmənistan arasında ənənəvi dostluq əlaqələrinin mövcud olduğunu, ulu öndər Heydər Əliyev və Türkmənistanın o dövrkü rəhbərliyi arasında keçirilən tarixi görüşləri xatırladıb. Bildirib ki, bu əlaqələr hər iki dövlət başcıları tərəfindən layiqincə davam etdirilir.

            Komitə sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, makroiqtisadi inkişafın təmin edilməsi sahəsində qazanılan nailiyyətlərdən danışıb. Milli statistika sisteminin təkmilləşdirilməsi, həmçinin Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işləri diqqətə çatdıran Tahir Budaqov Dövlət Statistika Komitəsinin nüfuzlu beynəlxalq  təşkilatlarla, o cümlədən xarici ölkələrin statistika qurumları ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayıb. Komitənin torpaq resursları üzrə məlumatların toplanması və təhlili, gender statistikası sahəsində işi və rolu barədə qonaqlara ətraflı məlumat verib.

            Qeyd edilib ki, ölkəmizdə uğurla həyata keçirilən aqrar islahatlarda fəal iştirak edən Dövlət Statistika Komitəsi torpaq resursları haqqında məlumatı iki mənbədən - Əmlak Məsələləri Dövlət Komitəsindən və Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunan “Təsərrüfatbaşına kitab”dan götürür. İnzibati məlumat mənbəyi olan Əmlak Məsələləri Dövlət Komitəsi hər il yanvar ayının 1-i vəziyyətinə respublikada mövcud torpaq mülkiyyətçilərinin və torpaq istifadəçilərinin ümumi torpaq sahələri və növləri üzrə, həmçinin torpaq mülkiyyətçilərinin və istifadəçilərinin suvarılan torpaq sahələri və növləri üzrə hesabatı Komitəyə təqdim edir. Cari ildə Dövlət Statistika Komitəsi tərəfindən “Təsərrüfatbaşına kitab” və “Kənd inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstəriş” beynəlxalq təcrübə və müasir tələblər nəzərə alınmaqla yenidən işlənilib. Yeni kitabda göstəricilər sistemləşdirilib, bir çox uyğunsuzluqlar aradan qaldırılıb, eyni zamanda əhalinin ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan məhsullara dair yeni məlumatların əldə olunması zərurəti nəzərə alınıb. “Təsərüfatbaşına kitab”ın 2017-ci ildən başlayaraq elektronlaşdırılmasına başlanılacaq ki, bu da torpaq resursları barədə də məlumatların ilkin mənbədən əldə edilməsinə imkan verəcək. Komitənin Kənd təsərrüfatı statistikası şöbəsi tərəfindən kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində rəsmi statistikanın təşkili və həyata keçirilməsi, statistik məlumatların vaxtında toplanması, ümumiləşdirilmiş məlumatların hazırlanıb istifadəçilərə göndərilməsi təmin edilir.

            Bildirilib ki, cəmiyyətin optimal sosial-demoqrafik siyasətinin işlənib hazırlanması, qadın və kişilərin bərabər hüquq və imkanları prinsiplərinin həyata keçirilməsi üzrə gender statistikası mühüm vasitədir, Azərbaycanda qadın və kişilərin bərabər hüquq və imkanları ölkə Konstitusiyasında təsbit olunub. Dövlət siyasəti prioritetlərindən biri kimi gender siyasətinin rolu olduqca vacibdir. Buna əsaslanaraq Dövlət Statistika Komitəsi cəmiyyətdə qadın və kişilərin vəziyyəti ilə bağlı problem və məsələlərin cins və yaş üzrə bölgüsünü özündə əks etdirən statistik məlumatların toplanması, işlənməsi, təhlili, nəşri və yayılması üzrə müvafiq tələblərin həyata keçirilməsinə xüsusi önəm verməyə başlayıb. Komitənin bu istiqamətdə işi gender problemlərinin statistik tədqiqi, statistik göstəricilər sisteminə yeni göstəricilərin əlavə edilməsi, metodologiyanın təkmilləşdirilməsi və qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsinə yönəldilib. Beynəlxalq təcrübə nəzərə alınmaqla gender bərabərliyini əks etdirən kompleks statistik göstəricilər sistemi on bölmə üzrə qruplaşdırılıb. İnternet resurslarından faydalanan istifadəçilər Komitənin veb səhifəsinin “Gender” bölməsində müvafiq məlumatlarla tanış ola bilirlər. Komitənin Əhali statistikası şöbəsində Gender statistikası sektoru yaradılıb ki, həmin sektor beynəlxalq metodologiyalar əsasında ölkədə əhalinin demoqrafik və gender bərabərliyinin vəziyyəti ilə bağlı rəsmi statistika məlumatlarının hazırlanması sahəsində fəaliyyət göstərir. 

            Nümayəndə heyətinin səfərinin BMT-nin layihəsi çərçivəsində həyata keçirildiyini deyən Türkmənistan Məclisi sədrinin müavini Qurbangül Bayramova səmimi görüşə görə məmnunluğunu bildirib. Azərbaycanın aqrar sektoru və gender bərabərliyi sahələrində aparılan islahatları barədə müsbət təəssüratlarını ifadə edib. Türkmənistan Məclisi sədrinin müavini ölkəmizdə torpaq resursları üzrə məlumatların toplanması və təhlili, gender statistikası sahələrində uğurlu təcrübənin olduğunu qeyd edib.

            Görüşdə torpaq resursları üzrə məlumatların toplanması və gender statistikası mövzularında fikir mübadiləsi aparılıb.

03.11.2016

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim